Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsinin başlamasından nə az, nə çox tam 4 il ötür. Sentyabrın 27-si yaddaşlarda Qələbəyə aparan yolun əvvəli kimi qalır. Lakin eyni zamanda bu gün Azərbaycanda Anım Günüdür. Bütün ölkə və dünyanın müxtəlif yerlərində milyonlarla soydaşımız bu Qələbənin qazanılmasında ən çox rolu olan şəhidlərimizi anır.
O gün hər şey erməni qoşunlarının növbəti dəfə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasından başladı. Bu təxribat nəticəsində Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında həlak olanlar və yaralananlar oldu.
Məhz bu təxribat, düz 30 il sülh üçün hər şey edən Azərbaycanın səbrini daşıran son damla oldu. Azərbaycan Ordusu buna cavab olaraq ölkəmizin milli təhlükəsizliyinə real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə əks-hücuma keçdi. Onilliklərlə bu məqamı gözləyən cavanlarımız müharibəyə yollanmaq üçün könüllü olaraq müraciət edirdilər, vaxtı ilə dinc əhali olaraq təcavüzkar erməni qoşunları üzündən öz doğma yurdlarını məcburi tərk edən uşaqlar həmin gün Qarabağı azad etmək arzusu ilə döyüş bölgəsinə getməyə can atırdılar.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində erməni qoşunları məhv edildi və ərazi bütövlüyümüz bərpa edildi.
Qazandığımız bu Qələbə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə yanaşı, həm də regionda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, regional güc balansını yenidən müəyyənləşdirərək, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində geniş dəyişikliklərə səbəb oldu. Belə ki, 44 günlük müharibə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi və beləliklə, Azərbaycanın yalnız hərbi üstünlüyünü deyil, həm də regional siyasi güc mərkəzi olaraq mövqeyini gücləndirdi.
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif etdi. Dövlət başçımızın çağırışı ikitərəfli münasibətlərin normallaşdırılması və hər iki ölkənin suverenliyi, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağa yönəlmişdi.
Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirərək, yenidən təxribatlara əl atmağa başladı. Belə ki, 9 sentyabr 2023-cü il tarixində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında qondarma “prezident seçkiləri” keçirildi, Ermənistan bütün bu müddət ərzində qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina etdi, bu ərazilərə hərbi qüvvə, texnika və silah-sursat göndərməyə davam etdi. Bundan başqa, erməni tərəfi yeni istehkamların tikintisinə, mövqelərin möhkəmləndirilməsinə və ərazilərin minalanmasına cəhd göstərdi. 19 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri və separatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl ataraq, bizim ərazilərdə minalar basdırıb terror aktları törətdi. Bu təxribatlar Azərbaycanı öz haqlı mövqeyini daha da güclü müdafiə etməyə və suverenliyini qorumaq üçün qəti tədbirlər görməyə vadar etdi.
Azərbaycan terror aktlarına və təxribatlara cavab olaraq lokal xarakterli antiterror tədbirləri başlatdı. Azərbaycan Ordusu 24 saatdan az müddətdə erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur etdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olundular. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi.
44 günlük Vətən Müharibəsi və lokal xarakterli antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi mənzərə də yaratdı. Müharibədən sonra Ermənistanın nüfuzu zəiflədi, iqtisadi və siyasi böhrana uğradı, lakin Azərbaycan, həm siyasi nüfuzunu, həm də iqtisadi gücünü artıraraq, bütün dünya üçün regionda yeganə gücə çevrildi.
Bu gün tariximizdə mühüm yerə sahib olan 44 günlük Vətən Müharibəsinin şəhidlərini anmaq üçün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız bir araya gələcək. Vətəndaşlarımız milliyətindən və inancından asılı olmayaraq bu gün şəhdlərimizin keçdiyi şərifli yolu xatırlatır. Bu gün, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və digər ibadət yerlərində şəhidlərin ruhuna dualar oxunur. Bu isə bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini və hər zaman hər hansı bir mümkün təhdidə qarşısında birlikdə durmağa hazır olduğunu nümayiş etdirir.