22 Noyabr 2024 15:14

VII çağırış Milli Məclisin ilk iclası…

Cari ilin 23 sentyabrı Azərbaycan Respublikasının dövlətçilik tarixində növbəti mühüm hadisə – VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası ilə yadda qaldı. Möhtərəm cənab prezident İlham Əliyev iclasda iştirak edərək geniş məzmunlu nitq söylədi, yeni dövr üzrə ölkəmizin prioritetlərini bəyan etdi.

VII çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Bu mənada, qeyd edilən situasiyada formalaşmış qanunverici orqanın iclasında dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər.

Yeni situasiya məhz İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi bu gün daha çox önə çıxır. Cənab prezident çıxışı zamanı bu məqam xüsusi olaraq vurğulandı və qeyd olundu ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir.

Bu proseslərin təməlində, heç şübhəsiz ki, cənab prezidentin parlamentin ali tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi rol oynadı. Təbii ki, qeyd olunan situasiya tarixi proseslərin təbii axarında baş verməyi və gərgin əmək qətiyyətli siyasi iradənin nəticəsidir.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açılıb. Azərbaycan prezidentinin bəyan etdiyi kimi yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsidir. Ordumuzun döyüş qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, eyni zamanda, sərhədlərimizin qorunması yeni mərhələdə də strateji məsələlər kimi hazırda mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda aktuallığını qoruyub saxlayır. İkinci Qarabağ münaqişəsi dörd ilə yaxın müddətdir başa çatsa da, Ermənistan Azərbaycanın sülh təklifini dəyərləndirməyib. Əksinə hər dəfə müxtəlif bəhanələrlə sülhdən yayınır, ölkə rəhbərinin qeyd etdiyi kimi bununla bərabər Qərbdəki havadarların dəstəyi sayəsində yenidən revanşa can atır. Kütləvi surətdə silahlanma, Fransa və digər Qərb ölkələrindən ayrılan hərbi yardımlar da buna hesablanıb. Prezident İlham Əliyev çıxışında bu istiqamətdə Ermənistan və onun havadarlarına lazımi mesajlar ünvanlayaraq bəyan etdi ki: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dilində danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.”

Eyni zamanda prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxundu. Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan prezident qeyd etdi ki: “Bu günə qədər – birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. Aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasının biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcə də primitiv və qeyri-adekvat addım, sözün düzü gözlənilən deyildi.” Dövlətimizin başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğuladı.

Dövlət başçısının nitqində digər vacib mesajlar var idi ki, hansı ki qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı idi.

Dövlət başçısı Azərbaycanın özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini, xüsusilə tarixi Zəfərimizdən sonra dövlətimizin beynəlxalq nüfüzünün artdığını, mövqeyimizin möhkəmləndiyini qeyd etdi. Təsadüfi deyil ki, 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərarla COP-29-un Azərbaycanda keçirilməsi planlaşdırılmışdır. Bütün bu əldə olunan nailiyyətlər ölkəmizin hərtərəfli inkişafının bariz nümunəsi kimi səciyyələndirildi.

Prezident çıxışında daha bir önəmli məqama toxunaraq bəyan etdi ki, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir. Dövlət başçısı bu təxibatların bu günə qədər heç bir nəticəsinin olmadığını vurğuladı. Eyni zamanda prezidentin nitqində qeyd olundu ki, istənilən ideoloji təxribatın Azərbaycanda kök salması qeyri-mümkündür. Ölkə başçısı bildirdi ki, bununla belə bütün bunlar bizi sakitləşdirməməlidir. Xaricdən yürüdülən aqressiv təbliğatın qarşısını almaq üçün hər birimizin sayıq olması zəruridir.

Vətən müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik. Bizim Qələbəmizə sevinən dostlar qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan xarici qüvvələrdə var. Prezident hər çıxışında bununla bağlı fikirlərini qətiyyətlə bildirdi: “Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir-bizim dostumuz kimdir, düşmənimiz kimdir, bizi kim dəstəkləyir, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Onlar bizə dost ola bilməzlər. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olur və kim bu gün separatçılara yenidən ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsi ilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər. Ona görə hər şeyin necə deyərlər, açıq-aydın görünməsi bu gün daha aydındır.”

Ölkəmizin hədəfləini açıqlayan ölkəmizin başçısı eyni zamanda müstəqil, prinsipial xarici siyasətin bizim əsas istiqamətlərimizdən olduğunu vurğuladı. Qeyd etdi ki, tarixi Zəfərimizdən sonra biz xarici siyasətimizdə daha sərbəstik. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcəkdir.

Beləliklə Prezident İlham Əliyev ərazi bütövlüyü bərpa olunmuş ölkənin ali tribunasından ictimaiyyətə və dünyaya mühüm mesajlar verdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək və heç bir qüvvə bizi haqq işimizdə dayandıra bilməyəcək.

Azadsöz.az

İstanbul trv istanbul travestileri