Azadsöz.az xəbər verir ki, Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə yeni reyslər açır.
Bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilir ki, Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə – çərşənbə və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, Novosibirsk-Bakı marşrutu ilə ilk reys martın 31-nə planlaşdırılıb. Təyyarə Novosibirskdən saat 14:35-da yola düşəcək, Bakıya isə saat 16:15-də çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqədir. Qayıdış reysi saat 01:35-də olacaq, təyyarə Novosibirskdə saat 08:40-da enəcək, uçuş müddəti 4 saat 05 dəqiqə olacaq.
Bundan əlavə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İrAero”ya Omskdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib. Aviaşirkət həftədə üç dəfə Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.