Azadsöz.az xəbər verir ki, Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Fəridə Vəlixanova 88 yaşında vəfat edib.
Qeyd edək ki, Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olub. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.
1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradılıb və F.Vəlixanova şöbənin müdiri təyin edilib.
O, Moskvada və Bakıda çıxmış “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (M., Nauka, 1963), ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” (B., “Elm”, 1968), yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi” (M., Nauka, 1970), altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak edib.