Azadsöz.az xəbər verir ki, 8 noyabr–“Zəfər günü”ndə Azərbaycan Kikboksinq Federasiyasının Göyçay Kikboksinq Klubunun açılışı olub. Bu müasir idman mərkəzinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Vüsal Zöhrabov, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Ramal Aslanov, gənclər və yeniyetmələr arasında kikboksinq yığma komandasının baş məşqçisi Hikmət Hacıyev, Göyçay Kikboksinq Klubunun rəhbəri, tanınmış məşqçi, Azərbaycan və Avropa çempionu Rüstəm Rüstəmov iştirak ediblər.
Tədbir iştirakçıları çıxış edərək uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması üçün yeni açılan bu klubda yüksək şəraitin yaradılmasından danışıb, məşçilərə və idmançılara uğurlar arzu ediblər. Azərbaycan Kikboksinq Federasiyası tərəfindən Göyçayda bu cür möhtəşəm idman klubunun açılmasını, eləcə də regionlar arasında ilk dəfə kikboksinq və boks məşqlərinin, eləcə də mötəbər yarışların keçirilməsi üçün bu zalda müasir rinqin quraşdırılmasını çox böyük uğur və sevindirici hal hesab ediblər.Rüstəm Rüstəmov bildirib ki, Göyçay şəhər 7 saylı tam orta məktəblə üzbəüz binada yeni açılan bu Göyçay Kikboksinq Klubu rayonda böyük marağa səbəb olub, bu günlərdə əlavə olaraq 40-a yaxın uşaq bu klubda məşqlərə qoşulmaq üçün müraciət edib. Göyçay Kikboksinq Klubunun rəhbəri Rüstəm Rüstəmova onu da vurğulayıb ki, uşaqların sağlam böyüməsi, pis vərdişlərdən uzaq olması üçün onların idmana cəlb edilməsinin vacibliyini qeyd edib, bir məşqçi kimi kikboksinq idman növündə daha yaxşı nəticələr əldə edəcəyini, bu sahənin inkişafı üçün çalışacaq.
Qeyd edək ki, bu idman klubunda kikboksinq, boks, taekvondo və digər idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb, burada idmançılar və həvəskar şəxslər üçün ən müasir idman qurğuları ilə təchiz olunan və yüksək şəraiti olan fitnes-trenajor zalı fəaliyyət göstərir.
Xatırladaq ki, Avropa çempionu olan və 10 ildən çoxdur ki, kikboksinq üzrə məşqçi kimi çalışan Göyçay Kikboksinq Klubunun rəhbəri Rüstəm Rüstəmov indiyədək çoxlu sayda ölkə səviyyəli idmançıların yetişdirilməsinə, onların Avropa və dünya çempionatlarında uğur qazanmasına nail olub.Rüstəm Rüstəmovun yetirmələrindən 2 nəfər Azərbaycan milli yığma komandasının heyətində beynəlxalq yarışlara hazırlaşır. Hazırda Göyçayda 100-dən çox uşaq, yeniyetmə və gənc qız və oğlan idmançı mütəmadi olaraq kikboksinq məşqlərində iştirak edir, yarışlara həvəslə hazırlaşır.