Azadsöz.az xəbər verir ki, 7 noyabr 2022-ci il tarixdə 8 Noyabr – Zəfər Günü münasibətilə Göyçay rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda Polkovnik-leytenant Fariz Qəhrəmanov, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Elxan Həsənov, 776 saylı hərbi hissənin komandirləri və hərbçilər Göyçay Şəhidlər Xiyabanında , rayonun kəndlərinin qəbirstanlığında ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, tər qərənfillər düzüblər.
Çıxış edənlər bildiriblər ki, şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızı erməni faşizmindən azad etdi. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Göyçay rayonundan da qəhrəman oğullar rəşadətlə vuruşub, şəhid, qazi oldular. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacağını diqqətə çatdırıblar.
Daha sonra qonaqlar Göyçay rayonundan və kəndlərindən olan Şəhid ailələri ilə görüşüblər. Görüşdə iştirak edən şəhidlərin valideynləri, qohumları və yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.