Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Göyçay sakini, Elşən Əlisa oğlu Nuriyevin ildönümü Göyçayda Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri və rayon sakinləri iştirak edib.Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.
Daha sonra tədbirdə iştirak edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə,İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Elşən Əlisa oğlu Nuriyev 1996-cı il iyunun 13-də Göyçayda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində döyüşüb.Oktyabrın 4-də şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Elşən Nuriyev Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.