Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkədir. 30 illik işğal dövründə ermənilər ərazilərimizdə külli miqdarda mina basdırıb. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdikdən sonra da Ermənistanın ölkəmizə qarşı mina terroru davam edirdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatından sonra da Ermənistan tərəfi bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirib.
Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, hazırda Azərbaycan ərazisi minalarla ən çox çirklənmiş ölkələr sırasındadır.
“İkinci Qarabağ müharibəsindən sonra 100-lərlə azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Bununla bərabər digər problem ondan ibarətdir ki, çoxsaylı minalar həmin ərazilərdə bərpa və quruculuq işlərinə ən böyük maneədir.
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan mina xəritələrinin olmadığını iddia edirdi, lakin bir müddət sonra bir neçə xəritəni üzə çıxardı, ancaq o xəritələr də çox səmərəsiz oldu. Ermənistanın bu davranışı beynəlxalq konvensiyalara ziddir və cinayət əməlidir. Çünki həmin ərazilərdə insanlar minaların qurbanlarına çevrilirlər, soydaşlarımızın öz doğma yurdlarına dönməsinə ciddi maneə yaranır”, – deyə deputat bildirib.
O qeyd edib ki, beynəlxalq təşkilatlar buna münasibət bildirməli və Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələrini üzə çıxarsın və mina təmizləmə işləri sürətləndirilsin.
Politoloq İlyas Hüseynov isə Trend-in suallarını cavablandırarkən bildirib ki, bütün regionda baş verən proseslərlə bağlı müxtəlif konfransların, dəyərmi masaların keçirilməsi mütləq xarakter daşıyır.
“Artıq Azərbaycanın təşəbbüsü ilə 3-cü dəfədir ki, Zəngilanda minalarla bağlı beynəlxalq konfrans keçirilir. Azərbaycan dünyada minalarla çirklənmiş ərazilər baxımından ən qabaqcıl yerlərdən birini tutur. Qarabağ, Şərqi Zəngəzur ərazisində milyonlarla piyada və tank əleyhinə minalar basdırılıb, bununla yanaşı olaraq partlamamış silah sursatlar Birinci və ikinci Qarabağ müharibəsindən qalır. Bu minalar, silah sursatlar can alır. Xüsusilə vurğulamaq istədiyim məqam bundan ibarətdir ki, Azərbaycan öz gücü hesabına, öz maliyyə imkanları hesabına minatəmizləmə işlərini həyata keçirdir və beynəlxalq donor təşkilatlarının bu istiqamətdə Azərbaycana yardımı ürəkaçan səviyyədə deyil. Dronlar, xüsusi texniki vasitələr, mina axtaran itlər və digər dəstəyə ehtiyac vardır.
Məhz ərazilərin minalardan təmizlənməsi ölkəmizin dayanıqlı inkişafına xidmət edir. Eyni zamanda mina təhdidi bizim keçmiş məcburi köçkünlərimizin tez bir zamanda öz doğma yurd-yuvalarına qayıdışının da qarşısını alır”, – deyə o bildirib.