16 Sentyabr 2024 23:27

Azərbaycan uğurla inkişaf edir

Azadsöz.az xəbər verir ki, iyulun 11-də keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev mühüm məqamlara toxunmuş, son 6 ayda görülmuş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat vermiş, ölkədə baş vermiş məsələlərə münasibət bildirmiş, ölkəmizdə sabitliyi, əmin amanlığı pozmağa çalışan daxili və xarici qüvvələrə mesajlar vermişdir. Eyni zamanda, hadisələrə məsuliyyətsiz yanaşmış qurumlara ciddi xəbərdarlıq etmişdir.
İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır, deyən Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir.
Dövlət başçımız bütövlükdə altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini, qeyri-neft sektorumuzun və qeyri-neft sektorunun sənaye sahəsinin 6,5 faiz və qeyri-neft sektorunun 3 faizdən çox artdığını qeyd etdi.
Ölkədə maliyyə vəziyyətinin də böyük dərəcədə yaxşılaşdığını qeyd edən ölkə başçısı proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmasının çox sevindirici hal olduğunu vurğuladı. Əlbəttə ki, 2023-cü ilin ötən 6 ayı ərzində əldə olunmuş uğurlar maliyyə potensialının yaratdığı imkanlardan düşünülmüş şəkildə, səmərəli istifadə edilməsi ilə bağlıdır.
Prezident İlham Əliyev çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi prosesindən, bu sahədə islahatların aparılmasından, ən müasir silahların, texnikaların alınması istiqamətində görülən işlərdən bəhs etdi. Dövlət başçısı ikinci Qarabağ müharibəsi başa çatandan sonra dayanmadan bu istiqamətdə çox ciddi addımlar atıldığını və bu gün Azərbaycan Silahlı Qüvvələrinin daha böyük hərbi potensiala malik olduğunu, həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağını bildirdi.
Çıxışında azad edilmiş torpaqlarda həyata keçirilən abadlıq-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsinə toxunan dövlət başçımız ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdacaqlarını bildirdi. Cənab Prezident Qayıdış proqramının ardıcıllıqla aparıdığını və ilin sonuna qədər artıq beş yaşayış məntəqəsi – bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacağının anonsunu verdi.
“Bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”, deyən Prezident İlham Əliyev görülən bütün işlərin Azərbaycan öz hesabına, iki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirildiyini, eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa, yaxud da ki, onları əsaslı şəkildə bərpa etdiyini diqqətə çatdırdı.
Gədəbəy rayonunda baş vermiş hadisələrə münasibət bildirən cənab Prezident bu hadisənin tamamilə qəbuledilməz olduğunu, bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığa yol verdiyini, nəzarətsizlik nümayiş etdirdiyini, passiv müşahidəçi kimi çıxış etdiyini bildirdi.
Dövlət başçısı, eyni zamanda, vətəndaşların bir hissəsinin təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər etdiyini və bunun da dözülməz, qəbuledilməz olduğunu vurğuladı və təxribatçılara ciddi şəkildə mesaj göndərdi ki, ölkəmizdə təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb, Gədəbəydə təxribata cəhd edərək sabitliyi, əmin–amanlığı pozmağa çalışanların hər biri məsuliyyətə cəlb ediləcək.
Prezident İlham Əliyev “Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib?”, deməklə bir daha nümayiş etdirdi ki, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətənaşının məmuniyyəti hər şeydən üstündür.
Gədəbəy rayonundakı hadisələrində də Azərbaycan polisi özünü ləyaqətlə apardığını soyləyən dövlət başçımız bildirdi ki, polisə daş atan utanmalıdır – öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Azərbaycan polisi gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. Prezident cənab İlham Əliyev açıq şəkildə kimlərinsə Azərbaycan polisinə ləkə vurmasına imkan verməyəcəyini bildirdi.
Beləliklə, 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan uğurla inkişaf edir, qarşıya qoyulan vəzifələr planlı şəkildə, yüksək səviyyədə icra edilir və yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri  Sahib Şükürov