Azadsöz.az xəbər verir ki, Göyçayda 2 İyul Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Göyçay şəhər sakini Nuriyev Elşən Əlisa oğlunun atası 1991-2009-cu illərdə Ucar rayon Polis Şöbəsində polis vəzifəsində çalışmış Nuriyev Əlisa Məmmədşah oğlunun evində görüş olub.
Görüşdə Azadsöz.az xəbər saytının xüsusi müxbiri Gülşən Muradova, 2016-cı il aprel döyüşlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Teymur Qasımovun atası Mikayıl Qasımov, Göyçay rayonunun Çaxırlı kənd sakini Babək Baxışov iştirak edib.
Çay süfrəsi arxasında keçən görüşdə Əlisa Nuriyev öz timsalında xüsusi gün münasibətilə bütün polisləri, o cümlədən rayonumuzun polis işçilərini təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzulayıb.ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edildiyini bildirib.Polislərin ictimai təhlükəsizliyin təminində, cinayətlərin açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətlərin gücləndiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edənlər son dövrlər daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizinin çoxaldığını, respublika üzrə kriminal vəziyyətin xeyli sabitləşdiyini diqqətə çatdırıblar.Hazırda polis işçilərinin müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təmin olunduğunu vurğulayıblar.
Görüşün sonunda şəhid atası şəhid ailələrinə, veteran polislərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və gələn qonaqlara minnətdarlığını bildirib.
Qeyd edək ki, Ə.Nuriyev polis vəzifəsində şərəflə, vicdanla çalışdığı üçün “Ustad dərəcəsi” medalı ilə təltif olunub.