Azadsöz.az xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Göyçay rayonunda anım tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Abidə Kompleksini daha sonra Bığır kəndinin ərazisində yerləşən soyqırım abidəsini və türk əsgərlərinin məzarlarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
1918-ci il mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, eyni zamanda bəşər tarixində ən qanlı faciələrdən biridir. 1918-ci il mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş bu qanlı olaydan yüz ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də dərin hüznlə yad edilir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir.