Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq, şəhidlik zirvəsinə ucalan Kənan Elxan oğlu Ömərlinin ikinci ildönümü Cəyirli kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, – deyən rayon rəhbəri igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və digərləri çıxış edərək, şəhid Kənan Ömərlinin keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Kənan Elxan oğlu Ömərli 1999-cu il martın 8-də Göyçay rayonunun Cəyirli kəndində anadan olub. 2018-ci ilin iyununda Həqiqi Hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində xidmət keçib. 2020-ci ilin yanvarında hərbidən təxris olunub.
Kənan Ömərli Gəncə Texnologiya Universitetinə qəbul olmağna baxmayaraq,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsində iştirak etmək üçün döyüşə yollanıb.Oktyabrın 6-da şəhid olub. Göyçay rayonunun Cəyirli kəndində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Kənan Ömərli “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.