Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldar Bağır oğlu Şirinovun ikinci ildönümü Çərəkə kənd Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatmasından söz açıb.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu qeyd edib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov çıxış edərək şəhid Eldar Şirinovun qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.
Sonra mərasim şəhidimizin məzunu olduğu Çərəkə kənd tam orta məktəbdə davam edib.Tədbir iştirakçıları məktəbin Eldar Şirinovun adlandırılan sinfinə keçərək məktəblilərlə görüşüb, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Eldar Bağır oğlu Şirinov 12 iyul 2001-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olub.2019-cu ilin iyu ayında Həqiqi Hərbi xidmətə çağırılıb.Beyləqan rayonunun “N” saylı kəşfiyyat bölüyündə xidmət edib. Xidmətdə olan zaman 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edib.Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun Çərəkə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.