Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sənaye parkında görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır.
Buna görə də mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının artırılması, yeni sənaye sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.
Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır.
Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir.
Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.
Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 73 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında indiyədək ümumilikdə 13,5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 4,3 milyard manatlıq hissəsi ixrac olunub. 2024-cü ilin birinci yarısında sənaye zonalarının rezidentləri tərəfindən 1,4 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 476,6 milyon manatı ixracın payına düşür.
Xüsusi qeyd olunmalıdır ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə ixrac edilir.
Xatırladaq ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılıb. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Bölgənin coğrafi mövqeyi, insan resursları və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. Bunun nəticəsidir ki, artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev sənaye parkında əvvəlcə “BAFCO İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak etdi.
Dövlətimizin başçısına məlumat verildi ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə ümumilikdə 120 nəfər işlə təmin ediləcək. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü isə poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
“BAFCO İnvest” MMC sənaye parklarında tətbiq olunmuş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər bir milyon manatdan çox vəsaitə qənaət edib.
Dövlətimizin başçısı zavodu işə saldı.