Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Kərimli Orxan Akif oğlunun ad günü Göyçayda Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ədalət Dövlətov və Zivər Zeynalova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Ədalət Dövlətov və Zivər Zeynalova çıxış edərək, şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını diqqətə çatdırıblar.
Daha sonra çıxış edənlər şəhid Orxan Kərimlinin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.Vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Sonra mərasim şəhidimizin məzunu olduğu Göyçay şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə davam edib.Tədbir iştirakçıları məktəbin Orxan Kərimli adlandırılan sinfinə keçərək məktəblilərlə görüşmüş, Şəhidimiz haqqında hazırlanmış videoçarxa baxıblar.Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.