Azadsöz.az xəbər verir ki, 16 sentyabr 2022-ci il tarixdə Göyçay Gənclər və İdman İdarəsinin, Göyçay Gənclər Evinin birgə təşkilatçılığı ilə “erkən nigah və qohumlar arasında nigahın fəsadları”mövzusunda tədbir keçirildi.
Tədbirdə Göyçay rayon Vəkil Bürosunun müdiri Metanet Həsənova, Qadın Resurs Mərkəzinin baş kordinatoru Vüsalə Məmmədova, Psixoloq Çinarə Abdullayeva iştirak edərək mövzu haqqında gənclərimizə ətraflı məlumat verib.
Bildirilib ki, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər.
Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir.