16 Sentyabr 2024 22:56

Göyçayda ödəmə terminalından pul oğurlandı

Azadsöz.az xəbər verir ki, 3 nəfər naməlum şəxs gecə saat 3:00 radələrində Göyçay şəhərinin Natəvan küçəsində yerləşən, sahibkar Abdul Zülfüqarova məxsus “Ayan” marketə daxil olaraq soyğunçuluq ediblər.

Üzlərində maska və əllərində əlcək olan oğrular əvvəlcə mağazanın elektrik sayğacının və oradakı müşahidə kameralarının fəaliyyətini dayandırıblar. Sonra mağazanın kiçik pəncərəsini və qapısını dəmir alətlə sındıraraq içəri daxil olan şəxslər oradakı “E-manat” ödəmə aparatını sındıraraq onun içərisindəki 32 min manat pulu götürüblər. Naməlum şəxslər mağazadan dəyəri 200 manat olan siqaretləri və kassada olan 150 manat pulu oğurlayaraq qaçıblar. Onların törətdiyi oğurluq əməli yaxınlıqdakı obyektlərin müşahidə kamerasına düşüb. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalara başlanılıb.

Qeyd edək ki, iki gün öncə Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsində sahibkar Cəbrayıl Abakarova məxsus “Yaqut” zərgərlik mağazasına daxil olan silahlı və maskalı şəxslər oradan 60 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov  bildirib ki, hər iki hadisədə əli olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.