Azadsöz.az xəbər verir ki, görkəmli yazıçı Əlibala Hacızadənin bu gün doğum günüdür.Hacızadə Əlibala Qüdrət oğlu 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars şöbəsində ali təhsil alıb. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb, 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.
Sonra yenidən Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutu) baş elmi işçi vəzifəsində işləyib, 1976-cı ildən ömrünün sonunadək həmin institutun İran filologiyası şöbəsində çalışıb. Eyni zamanda, 1994-1996-cı illərdə “Nizami” jurnalının baş redaktoru olub.
Ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl gülür”, “Məhəbbət olmayan evdə”, “Unutmaq olmur”… əsərləridir. Əlibala Hacızadənin qəhrəmanları müəllifin özü kimi sadə, təmkinli, sevməyi, həyəcanlı hisslər keçirməyi bacaran insanlardır.
Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edildi və orada tərcüməçi işlədi. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazdı. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü gördü. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.
Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzərdi. O, deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir”.
Görkəmli ədibin “İtkin gəlin” romanı əsasında yazdığı ssenariyə 1993-1994-cü illərdə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi əməkdaşı, filologiya elmləri namizədi Əlibala Hacızadə bir çox elmi tədqiqat əsərlərinin də müəllifidir. Onu ciddi alim kimi tanıdan “Fərruxi Yəzdinin poeziyası” əsəri ötən əsrin 60-cı illərinin sonunda işıq üzü görüb. Ə.Hacızadə fars dilindən bir sıra elmi və bədii əsərlərin tərcüməçisi kimi də tanınır. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.
Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi. Onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının o vaxtadək bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdıra bilib. “Mən ömrümdə öz problemlərim, dərdlərim barədə heç bir dövlət rəsmisinə nə yazılı, nə də şifahi şəkildə şikayət etməmişəm. Bu, mənim xislətimə yaddır”, – bu sözlər də son dərəcə sadə, təvazökar, eyni zamanda, qürurlu ömür yaşamış Əlibala Hacızadəyə məxsusdur.
Əlibala Hacızadə 2009-cu ilin oktyabrında vəfat edib.