05 İyul 2024 19:40

Ədliyyə nazirinə yeni müşavir təyin edilib

Azadsöz.az xəbər verir ki, Ədliyyə nazirinə yeni müşavir təyin edilib.

Ədliyyə nazirinin müvafiq əmri ilə Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.

Seyfəlpaşa Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.