17 Sentyabr 2024 00:04

Şəhid Zakir Nəcəfovun şəhadətə qovuşmasından 32 il ötür-FOTO

Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı  torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə böyük mərdliklə şəhadət zirvəsinə ucalmış  Göyçay rayonunun 1-ci Ərəb kənd sakini Zakir Nəcəfov idi. Bu gün onun şəhadətindən 32 il ötür.

Bu  gün şəhidin məzarı Göyçay  Şəhidlər  Xiyabanında ziyarət olunub, ruhuna dualar oxunub.

Tədbirdə şəhid ailələri, şəhidin ailə üzvləri  iştirak edib.

Mərasimdə çıxış  edənlər  şəhidin ailəsinə baş sağlığı veriblər. Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmış və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın həyatları bahasına torpaqlarımızı düşməndən, işğalçılardan azad edildiyini qeyd ediblər.

Qeyd  edək  ki, Zakir Tahir oğlu Nəcəfov 1973-cü ildə Göyçay rayonunun 1-ci Ərəb kəndində anadan olub. Şəhər 9 №li orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Göyçay şəhər 58 №li texniki-peşə məktəbində təhsil alıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Bakıda Daxili Qoşunlar batalyonunda xidmət keçib. 1992-ci ilin iyun ayında cəbhəyə yollanıb. Zakir Nəcəfov Ağdamın Əlağaylı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. İyulun 2-də isə Yeni Qaralar kəndində “qrad” mərmisi qəlpəsindən aldığı ağır xəsarət nəticəsində gözlərini əbədi olaraq yumur. Zakir Nəcəfov rayonun Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, Göyçay şəhərinin küçələrindən biri onun adını daşıyır.

Allah rəhmət eləsin.

Gülşən  Muradova