Azadsöz.az xəbər verir ki, 29-cu Bakı Enerji Forumuna start verilib.
5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri – 29-cu Bakı Enerji Forumu keçirilir.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.
Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və “yaşıl” enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
İki gün davam edəcək tədbirdə “Enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi üçün beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat”, “Dayanıqlı enerjinin inkişafı: Xəzər regionunda “yaşıl” enerji potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşma”, “Qaz dialoqu: enerji böhranı şəraitində qaz təchizatının rolu”, “Neft axınları: Azərbaycanda kross-logistika və infrastrukturun inkişafı” və “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaq. Bundan başqa, qarşıdan gələn COP29 konfransını nəzərə alaraq, Bakı Enerji Forumunun proqramına “Yaşıl gündəliyin gücləndirilməsi: “yaşıl” planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29″ mövzusunda xüsusi sessiya da daxil edilib.