18 May 2024 07:17

Qəbələ Rayon Mərkəzi Xəstəxanası istifadəyə verildi -FOTO

Azadsöz.az xəbər verir ki,  aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, binanın inşasına 2016-cı ildə başlanılıb və tikinti işləri 2023-cü ildə başa çatdırılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 4,9 hektardır. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Bu səhiyyə müəssisəsində terapiya, uşaq xəstəlikləri, nevrologiya, ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonrakı fizioloji şöbələr və hamiləliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək.

Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla, o cümlədən maqnit rezonans tomoqrafiyası (MRT), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rəqəmsal teleskopik rentgen cihazı və rəqəmsal DR rentgen qurğusu ilə təchiz olunub.

Ərazidə əsas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.

Xəstəxananın həyətində geniş yaşıllıq zolağı salınıb.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir səhiyyə müəssisəsinin istifadəyə verilməsi yalnız Qəbələ sakinlərinə deyil, bütövlükdə region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan yaradır.