Azadsöz.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrin qorunması və ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün qoruğun mühafizə zonasının yaxınlığında fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən texniki partlayışların təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət ekspert komissiyasının ilk iclası keçirilib.
Dövlət Xidmətindən verilən xəbərə görə, iclasda çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Bildirib ki, bunun üçün ekspert komissiyasının üzvü olan dövlət orqanları ilə birgə iş aparılacaq.
İclasda texniki partlayışların təsirinin daha dəqiq müəyyən edilməsi və qiymətləndirilməsi üçün müvafiq qurumların iştirakı ilə ərazidə monitorinq işlərinin həyata keçirilməsi qərara alınıb.