16 Sentyabr 2024 22:53

İqtisadi inkişaf – Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçımızın müsahibəsi dekabrın 9-da “Euronews”da yayımlanıb.

Prezident İlham Əliyevin xarici kanallara, informasiya agentliklərinə müsahibələri daxili və xarici auditoriya tərəfindən hər zaman maraqla izlənir. Dövlətimizin başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı prezident İlham Əliyevin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Prezidentin bu müsahibələri digər tərəfdən Azərbaycan xalqının mövqeyinin xarici auditoriyaya çatdırılması və dövlət siyasətinin təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi də milli maraqlarımızın beynəlxalq aktorlara açıq-aşkar çatdırılması və xalqımızın sülhpərvər mövqeyinin nümayiş olunması baxımından əhəmiyyətlidir.

Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. Bəllidir ki, İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra yeni reallıq yaranıb. Azərbaycan şərtləri diktə edən tərəfdir. Buna baxmayaraq dövlətimiz sülhpərvər və humanist mövqe nümayiş etdirərək və sülh prosesində təşəbbüskar tərəf kimi çıxış edir. Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Qarabağ məsələsi bitib. Azərbaycan öz suverenliyini bərpa edib. Qarabağda seperatçı rejimin ləğv edilməsi fonunda sülh müstəvisinə heç bir əngəl qalmayıb. Ölkəmiz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsip üzrə razılaşmanın əldə edilməsində maraqlıdır. Bunlar bir-birinin ərazi bütövlüyünün qarşılıqlı sürətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması kimi vacib prinsipləri əhatə edir. Sözsüz ki, bu təkliflər beynəlxalq hüquqa əsaslanır.

Dövlətimizin başçısı Ermənistanda azərbaycanlıların sayı məsələsinə də xüsusi toxunaraq bildirdi ki, hazırda Ermənistanda və Azərbaycanda analoji olaraq azərbaycanlıların və ermənilərin sayı ilə bağlı konkret faktlar mövcuddur. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.

Prezident İlham Əliyev Qarabağ erməniləri ilə bağlı Azərbaycanın mövqeyini bildirərək qeyd etdi ki, Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar orada qalsınlar. Prezident qeyd etdi ki, Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.

Prezident eyni zamanda Azərbaycanın müstəqil xarici və daxili siyasətə malik ölkə olduğunu bildirdi və bu siyasətin milli maraqlara əsaslandığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, aparılan siyasətin əsas amillərindən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.

Azadsöz.az