16 Sentyabr 2024 23:26

“Exit-poll” üçün akkreditasiya sənədləri bu tarixədək qəbul ediləcək

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 2024-cü il yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.

Bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Gələn il yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.