Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Rəhim Həmidovun şəhadətə qovuşmasından üç il ötür. Həmidov Rəhim Ehtiram oğlu 12 fevral 1997-ci il Göyçay rayonu Qaraxıdır kəndində anadan olub. 2004-cü ildə Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə gedib, sonra isə təhsilini Göyçay rayonu Mırtı kənd tam orta məktəbində 2014-cü ildə başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olub.
O, 2015-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb, 2016-cı ilin oktyabrında xidmətini başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi olan Rəhim Həmidov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə könüllü olaraq 29 sentyabr 2020-ci il tarixində qatılıb. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunun və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib.
Şəhidimiz son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Onun nəşi 30 noyabrda ailəsinə təhvil verilərək Mırtı kənd qəbristanlığında dəfn olunub.
Xatırladaq ki, Rəhim Həmidov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev