Azadsöz.az xəbər verir ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib. Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirib ki, Vaqif Xaçaturyan 1953-cü ildə Azərbaycanın Xocalı rayonun Əsgəran rayonunda anadan olub, hazırda işləmir. Daha sonra prosesdə ona hakim tərəfindən hüquqları izah edilib.
Xaçaturyanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edəcək. Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov təmsil edib.
Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov prosesdə iştirak edib. O Məşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur. Prosesdə tərəflərə hüquqları izah edilib.
Məhkəmə üzrə cinayət işi məhkəmə baxışı oktybarın 17-nə təyin edilib.