Azadsöz.az xəbər verir ki, 1991-ci il 30 avqust tarixli Bəyannamə ölkəmiz üçün əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməl tarixidir. Məhz həmin tarixdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi 18 oktyabrda qəbul ediləcək konstitusiya aktının özəyini təşkil etdi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Əslində bu tarixi təşəbbüs həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi.
Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli lider iyulun 20-də Bakıya qayıtdı, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək 30 sentyabr 1990-cı il tarixində isə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə başlandı. 1991-ci il sentyabrın 3-də Heydər Əlyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilir. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə gətirib çıxarır.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Xalqın iradəsi, ulu öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar Respublikada aparılan islahatların davamı olaraq ümummilli liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Bu hadisə dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini Sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi.
Ulu öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan MR-sı Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən Sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu.
Tarixin təlatümlü anlarında bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarından SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan MR-sı Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi və müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bir növ bütün Azərbaycan üçün nümunə idi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası “ adlandırıldı, Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”. Təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.
1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanın arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdriklik, qətiyyət və böyük uzaqgörənliklə həyata keçirərək ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu.
Ulu öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
Zivər Zeynalova