Azadsöz.az xəbər verir ki, məlum olduğu kimi cari ilin 26 avqust tarixində Laçın şəhərində- Həkəri çayının sahilində ilk dəfə “Laçın Şəhəri Günü” bayram tədbiri keçirilib. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunmuş bayram tədbiri əlamətdar hadisə kimi tarixə yazıldı. Ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirakı isə bayram tədbirinə böyük coşqu və qürur hissləri əlavə etdi.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi, laçınlıları, bütövlükdə xalqımızı təbrik etdi. Şəhidlərimizin dərin ehtiramla yad edildiyi, qazilərimizin, şanlı ordumuzun qəhrəmanlığının bir daha və məhəbbətlə vurğulandığı bayram tədbiri Zəfər tariximizin növbəti şanlı təntənəsi oldu. Tədbir çərçivəsində ölkə rəhbəri eyni zamanda regiondakı vəziyyətlə bağlı bir çox məqamlara toxundu və bir sıra ciddi mesajlar verdi.
Bu tarixi günün qeyd olunması prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması ilə bağlıdır. Sözügedən sərəncam tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi daşıyır və 26 avqust həmin sərəncamdan irəli gələrək Laçın şəhəri günü kimi müəyyən olunub.
Cənab prezidentin bayram tədbirində çıxışı zamanı dediyi kimi Laçın şəhərinə əhalinin qayıdışı cəmi 8 ay ərzində təmin olundu. 28 may Müstəqillik Günündə prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq. Artıq Zabux kəndinə də əhalinin qayıdışına start verilib.
Prezident İlham Əliyevin Laçın səfərində diqqəti çəkən məqam dövlət başçısının daha bir vədini yerinə yetirməsi vurğu oldu. Prezidentin özünün ifadə etdiyi kimi 50 yaşı tamam olanda Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi. Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad edilməsi ən müşkül bölgə Laçın idi. Təbii coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi sığınacaq idi və azad olunması üçün yalnız güclü ordu kifayət etmirdi. Güclü ordu ilə yanaşı kəskin diplomatik zəka, qətiyyət, yüksək sərkərdəlik bacarığı, üstün liderlik qabiliyyəti və ən əsası isə xalqın istinasız inamı, sevgisi və dəstəyi ilə prezident İlham Əliyev bütün vədləri kimi, bu vədinə də sadiq qaldı.
Dövlət başçısının bayram tədbirində çıxışında qeyd etdiyi kimi biz bu gün öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq. Bu qüruru bizə bəxş edən ən önəmli səbəblərdən biri, bizim məhz ədalətli müharibə aparmağımızdır, ədaləti özümüzün, öz gücümüzün hesabına bərpa etməyimizdir.
Möhtərəm prezidentimiz bu dəfə isə elə Laçının özündən vəd verdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub yaradacaqdır.
Dövlət başçımız çıxışı əsnasında Azərbaycan-Ermənistan sərhəddində “Laçın” Sərhəd-Buraxılış Məntəqəsinin qurulmasının əhəmiyyəti mövzusuna da xüsusi toxundu və Ermənistan və onun havadarlarına bir sıra mühüm mesajlar ünvanlandı. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhəddində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və təşkilatlar qərəzli mövqe nümayiş etdiriblər. Amma Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bu addımı atıb və öz sərhədlərinə nəzarəti ələ keçirmək Azərbaycanın legitim hüququdur. Ona görə də cənab prezidentin dediyi kimi, heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, bizi haqq yolumuzdan döndərə bilməz. Bu baxımdan bundan sonra da Ermənistan və havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək.
Beləliklə, prezident İlham Əliyevin Laçın səfəri Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi qüdrətinin növbəti nümayişi kimi yadda qaldı. Eləcə də səfər zamanı sakinlərlə səmimi ünsiyyət və xalq sevgisi Azərbaycan liderini dövlətimizin yüksəlişinin yenilməz təminatçısı olduğunu bir daha sübut etdi.