Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Azadsöz.az”a verilən məlumata görə, bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün Qanunda həmin uşaqların səkkiz yaşınadək onlar tərəfindən tərbiyə etmə və böyütmə tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi.

Yeni dəyişikliklə artıq həmin tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.

Eyni zamanda, Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq.

Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.

Bu da övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.

Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi.

Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.

***
17:02

Azadsöz.az xəbər verir ki,  yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq.

Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” qanunu təsdiqləyib.

Qanun həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.