16 Sentyabr 2024 23:17

Bakıya qarşı ucuz fransız şousu: məğlubiyyətə aparan oyun başlanıb

Emmanuel Makron bu dəfə çox bəsit, həddən ziyadə aşkar çözülən ssenarini işə salaraq bir dəstə siyasətçi vasitəsilə Fransa hökumətinin də oynaya biləcəyi şounu gerçəkləşdirmək, Bakıya təzyiq göstərmək istəyir.

Fransada sayları 60-dan artıq olan bir qrup – senatorlar, ölkə parlamentinin aşağı palatasının deputatları və yerli bələdiyyələrlə prefekturaların yetkililəri, həmçinin Fransa Sosialist Partiyasının parlament fraksiyasının rəhbəri Patrik Kanner, kommunistlərin fraksiyasının lideri Elian Assassi, “yaşıllar” fraksiyasının rəhbəri Giyom Qontar, parlamentin aşağı palatasının beynəlxalq münasibətlər, müdafiə və Silahlı Qüvvələr komitəsinin sədr müavini Mari-Arlett Karlotti, parlamentdəki Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Davina ölkə hökumətinə müraciət edərək Xankəndidəki separatçı xuntaya “real, praktik dəstək verilməsinə” çağırış ediblər.

Bəyanat müəllifləri Xankəndidəki separatçı rejimi “demokratik dəyərlər daşıyıcısı”, Azərbaycanı isə “qarabağlı ermənilərə qarşı etnik təmizləmələr aparmağa hazırlaşan diktatura”, Qarabağı “erməni torpaqları” elan edib.

Paskvili imzalayanlar Bakını “120 min qarabağlı ermənini acından ölməyə məhkum etməkdə, Laçın yolunu kəsərək blokada tətbiq etmək”də suçlayıblar.

Sənədə imza atanlar Fransa Senatının 2022-ci ilin 15 noyabr və Milli Assambleyanın (parlamenin aşağı palatası) 2022-ci ilin noyabrın 30-da qəbul etdiyi qətnamələrə əsasən Azərbaycana qarşı ağır, sərt iqtisadi-siyasi sanksiyalar tətbiq edilməsini, qarabağlı ermənilərə təcili və təxirəsalınmaz yardımlar göstərilməsini tələb edirlər.

İlk baxışdan absurd, paradoksal və sərsəm tələblər olsa da, təəccüblənməyə dəyməz.

İkinci Dünya Müharibəsi illərində Fransadakı partizan hərəkatının tanınmış nümayəndələrindən olan, aralarında bir çox millətlərin, o cümlədən yəhudilərin yer aldığı qrupa rəhbərlik etmiş və nasistlərin ələ keçirərək edam etdikləri kommunist Misak Manuşyanın adının gələn ilin fevralın 21-də Fransa Qəhrəmanları Panteonuna daxil ediləcəyi barədə qərarı ermənilər nədənsə “bütün dünya ermənilərinə, xüsusilə də qarabağlı ermənilərə tam dəstək” kimi qəbul ediblər.

“Qarabağlı ermənilər Cənubi Qafqazda eynən bizim kimi cəmiyyət qurublar, onlar bizi təmsil edirlər” yazılmış bəyanat gerçəkdən də, siyasi möhtəkirliyin, saxtakarlığın və mənəvi baxımdan idiotizmin nümunəsi sayıla bilər.

“Qarabağlı ermənilərin milli müqəddaratını təyin etmək hüquqları var və onlar buna layiqdir”, “qarabağlı ermənilərin ərazilərini Azərbaycan işğal edib” və s. bu kimi ifadələrin əks olunduğu bəyanatın ümumi məcrası marazm deyilsə, nədir?

Separatizmi və terrorizmi aşkar şəkildə dəstəkləyərək Fransanın geosiyasi maraqları naminə ədaləti, beynəlxalq hüququn prinsiplərini və demokratik dəyərləri düşünmədən qurban verən fransalı siyasətçilər istənilən formada ikiüzlü siyasətin, eybəcər makiavellizmin və qərəzli qərarların nəticələrinin ilk əvvəl rəsmi Parisin özü üçün ürəkaçan olmayacağının fərqində deyillər.

Bu “açıq məktub” tipli bəyanat-müraciəti imzalayanlar Cənubi Qafyqazds sülh və stabilliyin bərqərar olmasına yönəlmiş səyləri darmadağın etməyə çalışdıqlarını, Ermənistanı sürətlə silahlandırmaq və qarabağlı ermənilərin separatçılıqla terrorçuluq meyllərini tam dəstəkləyərək Azərbaycana qarşı sərsəm ittiham irəli sürməklə vəziyyəti gərginləşdirdiklərini etiraf etmək istəmirlər.

35 ildən bəri “milli müqəddəratı təyin etmək” adı ilə aqressiya,işğalçılıq, terror və separatizmi “mübarizə üsulu” seçmiş Xankəndidəki xuntanı “demokratik dəyərlərin daşıyıcısı”, işğal edilmiş ərazilərini azad edən Azərbaycanı isə “işğalçı” adlandırmaq ilk baxışdan xəstə təxəyyülün məhsulu kimi qəbul edilə bilər.

Fəqət, belə deyil.

50-dan artıq fransalı siyasətçinin bu bəyanat-çağırışı rəsmi Bakıya aşkar təzyiq cəhdi, Fransanın ermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə birbaşa müdaxilə imkanları əldə etmək niyyətidir.

Britaniya, İsrail və Türkiyənin bölgədə artan nüfuzunun, effektiv təsir rıçaqlarının sayının çoxalmasının müşahidəçisi olan Fransa bir tərəfdən Rusiya Federasiyası ilə situativ anlaşmalara gedir, digər tərəfdən İran və Hindistanda ayrı-ayrılıqda tandem ssenarilər hazırlayaraq regionda möhkəmlənməyə çalışır.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində ATƏT-in Minsk Qrupunda həmsədr olan Fransa münaqişənin dinc danışıqlar yolu ilə nizamlanmasına doğru hər hansı formada effektiv addım atmaq, müzakirələrlə təmasları konstruktiv məcraya yönəltmək əvəzinə tam əks istiqamətdə fəaliyyət göstərib. Minsk Qrununda Fransanı təmsil edən həmsədrlər amplualarını dəyişməyərək daima Ermənistanı və qarabağlı erməniləri dəstəkləyiblər ki, bu da rəsmi Parisin obyektivlikdən çox uzaq mövqe tutduğunu, qərəzli davrandığını aşkar göstərib.

44 günlük İkinci Qarabağ Müharibəsinin əvvəlindən sonunadək Paris mövqeyini dəyişməyib, hərbi əməliyyatların ermənilərin maraqlarının nəzərə alınması şərtilə dayandırılmasına çalışıb.

Müharibədən sonra Parisin Bakıya qarşı ritorikası daha da sərtləşdi. Prezident Emmanuel Makron diplomatik pərdələri bir tərəfə ataraq Ermənistanın tərəfində olduğunu bəyan etdi və bu mövqelərini fasiləsiz təkrarladı.

Təbii, Makronun davranışını və klişe olaraq ermənipərəstlik qismində dəyərləndirilə biləcək irreal təsir bağışlayan bəyanatlarını səthi qəbul etsək, Yelisey Sarayı Cənubi Qafqazda vəziyyətin gərginləşməsini istəyir.

Amma bu, yalnız formadır.

Məzmun isə rəsmi Parisin Cənubi Qafqazda ABŞ ilə geosiyasi hegemoniyanı paylaşmaq, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, Ermənistandan alət və ermənilərdən vasitə qismində istifadə edərək taktiki məqsədlərinə çatmaq, sonda isə əsas strateji hədəfini – bölgənin imkanları ilə resurslarından maksimal dərəcədə faydalanmaq üçün Azərbaycanla Ermənistana təzyiq potensialına yiyələnməkdən ibarətdir.

Ermənilərin birmənalı dəstəklənməsinin, Ermənistan Silahlı Qüvvələrinə silah – sursat və zirehli texnikanın, raket sistemlərinin və s.-nin verilməsi ilə ermənilərin dağılmış hərbi potensialını inkişaf etdirməyin, İrəvanın faktiki olaraq yeni müharibəyə sövq edilməsinin və siyasi dəstək vasitəsilə erməniləri Bakı ilə danışıqlarda inadkar aqressivlə davranmağa təhrik edilməsinin Azərbaycanda hansı reaksiya yaratdığını Emmanuel Makron anlamamış deyil.

Onun can atdığı məqam da budur: Bakını emosional addımlar atmağa vadar etmək, sonra da radikallaşan Azərbaycanın qarşısının alınması üçün zəruri və labud tədbirlərin görülməsini məsələsini gündəmə gətirməkdir.

Məhz bu səbəbdən 60-dan artıq fransalı siyasətçinin birgə bəyanatında ölkəmizə qarşı paranoidal ittihamlar irəli sürülür, siyasi əxlaq və diplomatik etika ilə yanaşı, məntiq və reallıqdan çox uzaq ifadələr siyasi ibarələr qismində işlədilir.

Bakı ilə münasibətlərin ifrat gərginləşməsi və eskalasiyası yolunu seçmiş Emmanuel Makron əfsuslar olsun ki, xarici siyasətdə indiyədək yol verdiyi çox kobud səhvlər siyahısına yeni yanlışlığı əlavə etməkdədir.

Bəyanat-müraciət müəllifləri Azərbaycana üzərinə götürmədiyi öhdəlikləri və imzalamadığı sazişləri ünvanlayaraq Bakını bu “öhdəliklərə əməl etməmək”də suçlayıblar.

Yəni bizi vəd etmədiyimiz şərtləri yerinə yetirməməkdə ittiham edirlər.

Bu, fransalı siyasətçilərin imzaladıqları sənədin marazmının dərinliyini, siyasi degenaratizmə nə dərəcədə yaxın olduğunu göstərir.

Aşkar isterikanı xatırladan sənədin gerçək müəlliflərini Fransadakı erməni icma təşkilatlarının rəhbərləri arasında axtarmaq gərəkdir, çünki mətndə fransalı siyasətçilərin əsla istifadə etmədikləri, tələffüz etmədikləri və dilə gətirmədikləri ifadələr var.

Sənəd hazırlanıb, fransalı siyasətçilərə verilib, onlar da imzalayıblar.

Bu bəyanta-müraciətin Fransanın nüfuzlu mass-mediasında və ələlxüsus da Fransa parlamentinin rəsmi saytında yer almadığını, sadəcə, erməni mediasında yayıldığını da nəzərə alsaq, ucuz və primitiv şounun məzmunu da üzə çıxır.

Emmanuel Makrona məsləhət görərdik ki, “günahsız quzu və demokratik dəyərlərin daşıyıcıları” kimi qələmə verilən qarabağlı erməni separatçılarla Xankəndidəki terrorçu xuntanı müdafiə etməyə cəhd göstərmək əvəzinə Fransanın gözgörəsi nüfuzunun heçə enməkdə olduğu Afrikada baş verənlərə diqqət yetirsin.

Fransanın sabiq müstəmləkələrində Parisə olan nifrət o həddə çatıb ki, artıq franalı turistlər döyülür, küçələrdə Fransa bayraqları yandırılır.

Afrikalılar Fransanın “Qara qitə”dən tam qovulmasını, bir daha geri qayıtmamasını istəyirlər.

60-dan çox fransalı siyasətçinin imzaladıqları makulatura vasitəsilə Azərbaycana təsir etməyi düşünənlər varsa, yanılırlar.

Latın Amerikası, Afrika, Şərqi Avropa, Cənub-Şərqi Asiya, Aralıq dənizi hövzəsi və Yaxın Şərqdə geosiyasi mövqelərin sürətlə zəifləməsi ilə nəticələnən belə diletantlıq və naşılıq Makron administrasiyasının, deyəsən, yaşam stilinə çevrilməkdədir.

Fransanın nüfuz və təsir imkanlarını itirdiyi bölgələrə Cənubi Qafqaz da əlavə edilə bilər.

Bir şərtlə ki, Parisin siyasi isteblişmenti Emmanuel Makronun çılğınlığını səngidərək ona necə kobud səhvlər edərək qaba yanlışlıqlarını anlada bilsin.

Bakıya təzyiqlərsə mənasızdır.

Fransa münasibətlərin eskalasiyası yolunu seçibsə, biz ancaq qayğılandığımızı və təəssüfləndiyimizi bildirə bilərik.