Azadsöz.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iyunun 22-də Gərəkli kəndinin Mazımçay yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Əhməd Əliyev Mazımçayın mənbəyinə bənd vurulmasına, həmçinin kəndə internet xəttinin çəkilməsinə, Omar Abakarov yaşayış məntəqəsində 4 km uzunluğunda yolun təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.