16 Sentyabr 2024 23:27

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu öz işini uğurla başa çatdırdı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu öz işini uğurla başa çatdırdı.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlərin qədim Azərbaycan diyarı olan Şuşada bir araya gəlməsi möhtəşəm tədbir olaraq yadda qaldı.

Azərbaycanın Milli Mətbuatının yaradılmasının 148-ci ildönümünə həsr olunmuş bu tədbirdə iştirak edən ölkə prezidenti cənab İlham Əliyevə ünvanlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Öz növbəsində möhtərəm dövlət başçımız öz əhatəli və əsaslandırılmış cavabları ilə ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyinin və gündəliyinin olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu Forumun açılış mərasimində iştirakı eyni zamanda dövlət başçımız tərəfindən bu tədbirin qlobal əhəmiyyətinə verilən qiymətin təzahürü idi.

Təbii ki, beynəlxalq mətbuatı təmsil edən jurnalistlərin, ekspert və politoloqların dövlət başçımıza verdiyi sualların cavablandırılması təkcə Azərbaycan reallıqlarını əks etdirmir, həm də regionda və beynəlxalq aləmdə gedən proseslərə rəsmi Bakının münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətli idi.

Əlbəttə ki, bu gün beynəlxalq ictimaiyyəti maraqlandıran ən aktual məsələlərdən biri Cənubi Qafqazda gedən proseslər, Azərbaycan və Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlıdır. Bu tamamilə anlaşılan maraqdır. Son 2 ildə Avrasiya məkanında gedən məlum proseslər, xüsusilə də Rusiya-Ukrayna hərbi münaqişəsi bir çox ciddi problemlərə yol açdı ki, bunların da arasında Avropanın enerji təhlükəsizliyinin təminatı, eləcə də şərq-qərb və şimal-cənub istiqamətlərində beynəlxalq yükdaşımalarda yaranmış çətinliklərin aradan qaldırılması kimi məsələlər xüsusilə də diqqəti cəlb edir.

Azərbaycan isə həm zəngin təbii resursları, həm də əlverişli coğrafi mövqeyi baxımından hər iki problemin həllində mühüm rol oynayır. Azərbaycan Avropa ölkələrinin enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır və sözsüz ki, Ermənistan isə bunu heç bir şəkildə əngəlləmək gücünə malik deyildir. Bununla belə beynəlxalq enerji və nəqliyyat layihələrinin tam təhlükəsizliyinin təminatı və eyni zamanda Cənubi Qafqazın özünün iqtisadi inkişafı üçün regionda dayanıqlı sülhün bərqərar olması çox vacibdir.

Prezident İlham Əliyevin nitqində toxunduğu vacib məqamlardan postmüharibə dövrü reallıqları ilə bağlı fikirləri diqqəti daha çox çəkdi. Cənab Prezident  44 günlük Vətən müharibəsi, həmçinin tarixi Zəfərdən sonra Azərbaycan həqiqətləri, dinc quruculuq işləri və bölgədə sülh yaratma prosesinə verdiyi töhfələr barədə real informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu yüksək qiymətləndirərək bildirdi: “Mən hesab edirəm ki, bu gün Azərbaycan mediası bu istiqamətdə çox böyük işlər görür. Təbii ki, beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək. Amma, eyni zamanda, Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur”. O əlavə etmişdir ki, bizə atılan bütün iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə, bu üstünlüyü təmin edən isə cəmiyyətdə möhkəm özül üzərində formalaşan həmrəylik və birlikdir. “Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir”.

Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və mövcud xüsusda cərəyan edən proseslərlə bağlı Azərbaycan Prezidentinin cavabları nəinki forum iştirakçılarının və ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş, hətta dünya mediasında geniş geniş əks-səda doğurmaqdadır. “Biz unutmamalıyıq ki, ikinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökümətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq” söyləyən prezident İlham Əliyevin nitqindəki, əsas məqamlardan biri budur. Çünki dövlətimizin başçısı həmin revanşist qüvvələrin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mənfi təsirini hesablayır. Nəzərə alaq ki, bu təsir bütövlükdə Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın formalaşmasına təhdid törədən ciddi faktordur.

Cənab prezidentin Azərbaycan-Ermənistan münasibətlərin tənzimlənməsi, sülh gündəliyi və vasitəçi tərəflər arasında rəqabət mühiti barədə fikirlərini səsləndirərkən, Rusiya amilinin üzərində dayanması da vacib məqamlardan biridir. Dövlətimizin başçısı İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Moskvanın təşəbbüsü öz üzərinə götürdüyünü deməklə Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələrini xatırlatmış və onun 10 noyabr Bəyannaməsinin hazırlanmasındakı rolunu yüksək dəyərləndirmişdi. Lakin yeni geosiyasi vəziyyət fonunda burada müəyyən problemlərin yarandığını da istisna etməmişdir. “Daha sonra biz, əlbəttə, gördük ki, Rusiyanın digər məsələlərə bir balaca başı qarışdı və rəqiblər belə demək olarsa, fürsətdən istifadə etdilər. Bu rəqabətin Cənubi Qafqaza hansı təsiri olacağını demək çətindir”. Azərbaycan Prezidentinin bu konteksdə söylədiyi tarixi və siyasi bir məqam xüsusilə diqqətçəkəndir: Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir”. Yəni, Ermənistandan fərqli olaraq, Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq platforması olmalıdır.

Azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə Prezident İlham Əliyevin verdiyi açıqlamalar xüsusi əhəmiyyət kəsb edir. Bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi və indi də öz gücünə yenidən bərpasını həyata keçirdiyi ərazilərində gedən möhtəşəm işləri böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan suallar da bu marağın kifayət qədər böyük olduğunu deməyə əsas verir. Quruculuq prosesinin nə qədər davam edəcəyi, keçmiş köçkün vətəndaşlarımızın hansı müddətdə tam olaraq öz dədə-baba yurdlarına qaytarılacaqları bu suallarda toxunulan əsas məqamlardan idi. Bütün bu suallara maksimum dərəcədə ətraflı cavab verən ölkə prezidenti cənab İlham Əliyev həm Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi, həm də Böyük Qayıdış Proqramının effektiv icrası ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi.

Beləliklə, Şuşa Forumunda Prezidentin səsələndirdiyi fikirlər bölgədə sülh üçün ən mühüm bəyanat kimi yadda qaldı, eləcə də Azərbaycanın gücü onun lideri vasitəsilə növbəti dəfə dünyaya çatdırıldı. Həmçinin Şuşa zirvəsində növbəti dəfə Prezident İlham Əliyev Azərbaycan reallıqlarını, ölkəmizin dürüst siyasi kursunu, humanizm prinsiplərini dünyaya nümayiş etdirdi.

Azadsöz.az