Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.
Cərimələr artırılan qaydaların əksəriyyəti təhlükəsizliklə bağlı olan maddələrdir. Bəs cərimələrin artırılması qəzaların sayını azaldacaqmı?
Azadsöz.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, qanuna edilən dəyişikliklərin səbəbi məhz sürücülərin törətdiyi əməllərin nəticəsidir. Yol hərəkəti qaydaları hansı istiqamətdə pozulurdusa, cəzaların sərtləşdirilməsi də məhz həmin maddələr üzrə baş tutub.
“Cəzaların sərtləşdirilməsi əsasən sürət həddinin aşılması, işıqforun qırmızı işığında keçilməsi, narkotikin təsiri altında avtomobil idarə olunması, sərnişindaşıma zamanı edilə qayda pozuntuları ilə bağlıdır.
Təssüf ki, avtobuslarda da qayda pozuntularına xeyli sayda rast gəlinir. Sərnişinlə dolu avtobuslar yanacaqdoldurma məntəqəsinə daxil olur, yolun əks hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı edir. Bütün bu pozuntuların nəticəsində də yol nəqliyyat hadisələri baş verir”, deyə o, qeyd edib.
“Gələcəkdə mənəvi cəzalar da tətbiq olunmalıdır. Bir insan sürət həddi 100 km/saat olan yerdə, 180-200 km/saat sürətlə gedirsə, ya həmin şəxsin pisixi problemi var, ya da pulu çoxdur.
Bəziləri “pulum var edirəm” düşüncəsilə özünə haqq qazandırır. Bu formada sürət həddini aşanlar başqa cəzalara yönləndirilməlidir. Həmin şəxslərin sürücülük vəsiqəsi alınmalıdır və mütləq qayda da onlardan sağlamlıq arayışı tələb olunmalıdır”.