16 Sentyabr 2024 23:01

UEFA Dünya çempionatının seçmə mərhələsinin formatını dəyişdi

Azadsöz.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən növbəti iclasında 2026-cı il dünya çempionatının seçmə turnirinin formatının dəyişdirilməsi barədə qərar qəbul edilib.

Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

DÇ-2026-nın final hissəsində iştirakçıların ümumi sayı artaraq 48 komandaya çatdığından, Avropa milliləri daha çox vəsiqə əldə edəcək.

Əvvəlcə UEFA-dan final mərhələsinə 13 seçmə komanda qatılırdısa, indi bu rəqəm 16-ya yüksəlib. Ona görə də komandaların seçim turnirinin formatı dəyişdirilib.

UEFA bütün Avropa komandaları 4-5 millidən ibarət 12 qrupa böləcək yeni düstur qəbul edib. 12 qrup qalibi birbaşa Dünya çempionatına, ikinci yeri tutan 12 komanda isə 2024/2025 mövsümünün Millətlər Liqasından ən yaxşı reytinqə malik dörd komanda ilə birlikdə pley-offa çıxacaq. Bu 16 komanda Avropadan dünya çempionatında son dörd yer uğrunda mübarizə aparacaq.