Azadsöz.az xəbər verir ki, əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Qafan məhkəməsi qondarma hökm çıxarıb.
Qarşı tərəf hərbçimizi Zəngəzur mis-molibden kombinatının mühafizə xidmətinin əməkdaşını öldürməkdə təqsirli bilib. Öldürülən şəxsin ailəsi bu hökmlə razı olmayıb və ömürlük həbs tələb edib.
Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan məhkəməsi mayın 8-də Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.