Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayon icra hakimiyyətinin tapşırıq və göstərişinə əsasən, Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsi tərəfindən rayonun prospekt və küçələrinə dekorativ güllərin əkilməsi və yaşıllıqların salınması davam etsədə sapı özümüzdən olan baltalar başlayıblar bu yaşıllıqları məhv etməyə.
Jurnalist mövqeyimizdən çıxış edərək dəfələrlə media və sosial şəbəkələr vasitəsilə rayonun yaşıllığına xələl gətirən bu cür vətəndaşlarımızla bağlı çağırışlar etməyimizə baxmayaraq elə bil sözümüz daş dəyib qayıdır.Amma, mən bunun adını daş dəyib yox xislətində pislik etmək istəyən bəzi vətəndaşlarımızın vicdanına dəyib nəticəsiz kimi qaldığını deyə bilərəm.
Bəzi ağzı göyçəklər vurğulayır ki, başqa rayonlarda əkilən müxtəlif növ dekorativ güllər və ağaclar göz oxşayır bəs bizim rayonda niyə yoxdur?. Bu sualın cavabını mən belə cavanlandırardım.Bizim rayonda da müəyyən olunmuş yerlərə dekorativ güllər və ağaclar əkilir amma, bu gözəlliyə qənim kəsilən rayonun bəzi qoçaqları məhv edirlər. Məhv etməklə yanaşı ürəkləri dözməyərək ağacları və gülləri oğurlayaraq, özlərini bacarlıqlı hesab edirlər.
Bəli düz eşitdiniz son günlər Göyçay rayonunda gül və ağac oğurları yaman gündəm olub.Bildirək ki, 14- 15- 27 noyabr 2024-cü il tarixlərində rayonun Heydər Əliyev Mərkəzinin , Natəvan küçəsində yerləşən Göyçay Rayon Statistika İdarəsinin qarşısına və M.Ə.Rəsulzadə küçəsinə əkilən dekorativ güllər, ağcaqayın və eldar şamı ağacları oğurlanıb.Məsələ ilə bağlı müvafiq ölçü götürülməsi üçün Göyçay rayon polis şöbəsinə müraciət olunmuşdu.Özlərini qəhrəman hesab edən oğurlarımızdan biri polis tərəfindən tapılaraq cərimə olunub. Digər dırnaqarası oğurlarımızın tapılması istaqəmətində tədbirlər görülür.
Oğurluqla işlərini bitmiş hesab etməyən bu cür məsuliyyətsiz bəzi sakinlər saxladıqları iri və xırda buynuzlu heyvanlarını ağaclar və güllər əkilən əraziyə buraxırlar, qopararaq kənara atırlar və ağacların küləkdən qorunması üçün onlara basdırılan dirəkləri götürərək özlərinə qənimət bilirlər.Başa düşmək bu qədərmi çətindir ki, Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi gecə- gündüz rayon ərazisində işləyirlər. Yaşıllıq zolaqları salırlar, dekorativ güllər əkirlər, suvarıb və aqrotexniki qulluq edirlər.Bu zəhmətkeşlər əziyyət çəkirlər ki, rayon digərlər rayonlardan gözəlliyi ilə ön cərgədə olsun.Daha zəhmət çəkmirlər ki, dırnaqarası qəhrəmanlığınızın yükünü daşısınlar.Görünür sizin üçün hazırladığımız bu videolardan dərs götürən deyilsiniz.Gül və ağac oğurları üçün maarifləndirici və psixoloji kursların olmasına rayonda ehtiyac var.Bəlkə o zaman sizlərə yaşıllığın və ekologiyanın nə olduğunu aşılmaq olar.
Rayonda əkilən müxtəlif növ ağaclara qənim kəsilən həmin şəxslərə bildirmək istəyirik ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Ümid edirik ki, bu videosujetimizdən sonra bəzi məsuliyyətsiz vətəndaşlarımız bu cür dırnaqarası qəhrəmanlıqlarına son qoyacaqlar.