Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonun müxtəlif yerlərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ dekorativ güllərin əkilməsi işləri davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 28 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Əli Kərim küçəsində yerləşən Göyçay Şəhər İnzibati Ərazi Nümayəndəliyin binasının qarşısına qızılgül kolunun əkilməsi işlərinə başlanıb.
İlkin olaraq əkilməsi nəzərdə tutulan ərazinin torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 50 ədəd qızılgül kolu əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə və dekorativ güllərin əkilməsinin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Qeyd edək ki, növbəti günlərdə də aksiya davam etdiriləcəkdir.