Azadsöz.az xəbər verir ki, mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.
Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.
Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.