Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, həmin ailələrin problemləri ilə mütəmadi maraqlanılır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan Göyçay rayonunun Ləkçıplaq kənd sakini, qazi Məhərrəmov Elşən Səbuhi oğlu 2022-ci ildə özü üçün fərdi yaşayış evinin tikilməsi məqsədilə Göyçay rayon İcra Hakimiyyətinə müraciət edib.Qazimiz üçün 4 otaqdan ibarət evin tikilərək onun ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Elşən Səbuhi oğlu Məhərrəmov 2 may 1998-ci ildə Göyçay rayonunun Ləkçıplaq kəndindən anadan olub.Orta təhsilini Ləkçıplaq kənd məktəbində alıb.Həqiqi hərbi xidmətini Goranboy rayonu Tapqaraqoyunlu kəndində keçib.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. Tərtər və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.Döyüş tapşırığını yerinə yetirən zaman yaralanaraq qazi olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Elşən Məhərrəmov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.