Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həmidov Rəhim Ehtiram oğlunun ikinci ildönümü Mırtı kənd qəbristanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Tədbir çərçivəsində mərasim iştirakçıları Mırtı kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Həmidov Rəhim Ehtiram oğlu 12 fevral 1997-ci il Göyçay rayonu Qaraxıdır kəndində anadan olub. 2004-cü ildə Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə gedib, sonra isə təhsilini Göyçay rayonu Mırtı kənd tam orta məktəbində 2014-cü ildə başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə qəbul olub.
O, 2015-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb, 2016-cı ilin oktyabrında xidmətini başa vurub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi olan Rəhim Həmidov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinə könüllü olaraq 29 sentyabr 2020-ci il tarixində qatılıb. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli rayonunun və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib.
Şəhidimiz son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Onun nəşi 30 noyabrda ailəsinə təhvil verilərək Mırtı kənd qəbristanlığında dəfn olunub.
Xatırladaq ki, Rəhim Həmidov Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.