Azadsöz.az xəbər verir ki, oktyabrın 27-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, YAP-nın üzvü, 44 günlük Vətən müharibəsi iştirakçısı Ayaz Babayev, YAP Göyçay rayon təşkilatının ilk sədri, partiya veteranı Nazim İsmayılov, idarə müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay Şəhidlər Xiyabanını ziyarət edərək ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlara baxış keçirilib.
Göyçay Heydər Mərkəzində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan ətraflı danışıb. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələndiyini, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə nüfuzlu, qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini söyləyib.Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yolu olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə də partiyanın rolunun danılmaz olduğunu bildirb.
Tədbirdə həmçinin Mübariz Qurbanlı, Cavid Osmanov, Ayaz Babayev və Nazim İsmayılov çıxış ediblər.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.Rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna “Təşəkkürnamə” təqdim edilib.