Azadsöz.az xəbər verir ki, 21 oktyabr 2022-ci il tarixdə Energetika naziri Pərviz Şahbazov Göyçayda vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində rayonda şəhid ailəsini ziyarət edib.
Nazir 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Orxan Akif oğlu Kərimlinin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov iştirak edib.
Yaxınları şəhidin torpaqlarımızın işğaldan azad olunması uğrunda göstərdiyi şücaətdən danışıblar.
Xatırladaq ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub.2007-ci ildə Göyçay rayonu, Nizami Gəncəvi adına 7 saylı orta məktəbin 1-ci sinfinə gedib.2018-ci ildə orta məktəbi bitirib.Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qiyabi daxil olub.2019-cu il oktyabrın 9-da hərbi xidmətə yollanıb.
Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.