Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Şəmistan İlyas oğlu Əzizovun ildönümüdür . Əzizov Şəmistan 6 dekabr 1993-cü ildə Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya gəlib. 2000-ci ildə Zülfüqar Zülfüqarov adına Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2011-ci ildə həmin məktəbi bitirib. 2012-ci ildə Füzuli rayonundakı N saylı hərbi hissəyə hərbi xidmətə yola düşüb. Şəmistan Əzizov 2012-ci ildə düşmənin atəşkəsi pozması nəticəsində yaralanaraq N saylı qospitala yerləşdirilib. Sağaldıqdan sonra yenidən xidmətini davam etdirib. 2013-cü ilin iyul ayında hərbi qulluğunu başa vuraraq geri qayıdıb.
Şəmistan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə (Qlobus adlı yerdə) şəhid olub.Şəhid olan vaxt kəlimeyi şəhadətini gətirərək papağının, qolbağının və telefonunun anasına verilməsini istəyib. Oktyabrın 15-də Qaraxıdır kəndində dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəmistan Əzizov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.