Azadsöz.az xəbər verir ki, 20 avqust 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsində igidliyi ilə tarix yazaraq şəhid olan Ceyhun Əhməd oğlu Xəlilovun ad günündə xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, veteranlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Göyçay Şəhidlər Xiyabanını ziyarət edib, şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.
Daha sonra tədbir bulaq kompleksinin qarşısında davam edib.Dövlət himni səslənib, şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, – deyən rayon rəhbəri igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər şəhid Ceyhun Xəlilovun keçdiyi döyüş yolundan söz açıblar. Bildiriblər ki, Birinci Qarabağ müharibəsində şəhid olan Ceyhun Xəlilov kimi igidlərin qisası 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilin nisgilinə son qoyuldu.İşğal altında olan torpaqlarımız azad olunaraq tarixi zəfər qazanıldı, şəhidlərimizin qisası alındı.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.