Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr aparacağına ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Siyasi münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin olduğunu bildirdi, lakin investisiya imkanlarından istifadə və ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə olmadığını qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfir fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.
Səfir Mayls Robert Armiteyc Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyini bildirdi və qarşıda əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd etdi. O, xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.
Mayls Robert Armiteyc COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. O, Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd etdi, ölkəmizin kiçik ada dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə toplantısında iştirakı məsələsini xüsusi vurğuladı.
Səfir qeyd etdi ki, Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.
Bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd etdi.
Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparıldı.