Azadsöz.az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 4 nəfər saxlanılıb.
Tədbirlərlə əvvəllər də narkoriklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Fuad Əzizov, Emin Mustafayev, Fuad Yusubov və Samir Abbasov tutulublar.
Saxlanılanların üzərindən, ev və avtomobillərindən 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər, bank kartları aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, F.Əzizov, E.Mustafayev, F.Yusubov və S.Abbasov şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini təşkil ediblər. Onlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Sonuncu əməliyyatlar zamanı saxlanılanlar paytaxt ərazisində narkotiklərin paylanılmasını təşkil edən əsas kuryerlər olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.