Azadsöz.az xəbər verir ki, iyulun 7-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirilir. Eyni zamanda, I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilir.
DİM-dən bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 17 min 431, III ixtisas qrupu üzrə 21 min 193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47 min 520 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub.