Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri çərçivəsində muxtar respublikada fəaliyyət göstərən bir sıra ticarət obyektlərində monitorinq keçirilib.
Monitorinqlər zamanı ticarət obyektlərində markalanması və qablaşdırılması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 206 ədəd 0,25 litrlik (51,50 litr) saxta alkoqollu içkilər aşkarlanıb. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara kustar üsulla bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin və istehsalçı haqqında məlumatların qeyd olunmadığı müəyyən edilib.
Faktla bağlı sözügedən məhsullar ticarət obyektlərində satışdan çıxarılaraq geri çağırılıb.
Agentlik tərəfindən məhsulların məhv edilməsi barədə müvafiq qərar qəbul edilib və aprelin 24-də proses həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bildirilib ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.