16 Sentyabr 2024 23:26

“Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”-İlham Əliyev

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Prezident İlham Əliyevin Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan soyqırımı qurbanlarını Xocalı sakinləri ilə birlikdə azad Xocalıda yad etməsi xocalılarla bərabər hər bir azərbaycanlı üçün sonsuz qürur və fəxarət mənbəyi oldu. Xüsusilə belə bir gündə Xocalı Soyqırımı Memorial abidəsinin təməlinin qoyulması dövlət başçısı tərəfindən soyqırım qurbanlarının xatirəsinə ən ali ehtiramın təzahürüdür.

Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımın ildönümünü artıq fərqli şəkildə anır. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin vətən uğrunda həlak olmuş digər şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. Bu baxımdan qanlı faciənin törədildiyi Xocalıda yaradılacaq Soyqırımı Memorialı faciə qurbanlarının, Vətənin müdafiəsi uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsinə ehtiram olmaqla yanaşı, bu qətliam barədə həqiqətlərin dünyaya çatdırılmasına və tariximizin yaşadılmasına xidmət edəcəkdir.

Cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən prezident İlham Əliyev qeyd etdi ki: “İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə Memorial Kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. 32 ildən sonra siz qayıtmısınız. 32 ildən sonra – o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”

Cənab prezident eyni zamanda tariximizin şərəf və ləyaqət səhifəsi olan Xocalı faciəsinin acı həqiqətlərindən bəhs edərək qeyd etdi ki, əfsuslar olsun ki, bu illər ərzində “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.

Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.

“Mən bilirəm ki, siz xocalılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki sizdə bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. 5 ay əvvəl antiterror əməliyyatları nəticəsində Xocalı daxil olmaq şərtilə, bütün o vaxt digər ərazilər-hansılar ki, işğal altında idi və separatçılar orada at oynadırdılar, – azad edildi. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.” – prezidentin səsləndirdiyi fikirlər “nəyi, nə vaxt edəcəyini çox gözəl bilir” prinsipinin bir daha təzahürü idi.

“O vaxt – işğal dövründə mənim köçkünlərlə, – bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib. Bütün bizim vətəndaşlarımızdan, – çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də məhz bu məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq.

Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, – çadır şəhərçikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, – ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq, sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Quruculuq işləri geniş vüsət alıb. Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq.” – deyə prezident görüş zamanı bildirib.

Bu gün bu torpaqlarda olmağımız cənab prezidentin qeyd etdiyi kimi tarixi ədalətin bərpasıdır. Xocalı və digər azad edilmiş ərazilərimiz yenidən qurulur, bərpa edilir, yeni həyat verilir. Artıq bu diyarın, bu bölgənin yeni, parlaq tarixi var. O da 20 sentyabr – Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək, 20 sentyabr tarixi isə bu bölgənin azadlıq və bayram günü kimi qeyd olunacaqdır.

Azadsöz.az